Alış-veriş səbəti (0)
Blog

Yüksüz və ya aşağı yüklərdə istifadə

13.01.2026

Yüksüz və ya aşağı yüklərdə istifadə

Bu bülleten, dizel generator dəstlərinin məhdud müddətlərlə də olsa, yüksüz və ya aşağı yüklərdə işlədilməsi zamanı yarana biləcək problemlər və zədələrin qarşısını almaq üçün görülməli olan tədbirlər haqqında məlumat vermək məqsədilə hazırlanmışdır.
 
Generator dəstinin etiket göstəricilərində qeyd olunan kateqoriya (ESP/PRP/COP) və gücündən artıq yüklənməsi qədər, aşağı yüklərdə istifadə edilməsi də yolverilməzdir. Xüsusilə böyük gücə malik generatorların istifadəsində bu məqama daha çox diqqət yetirilməlidir.
 
ESP və PRP kateqoriyalı generator dəstləri üçün icazə verilən minimum yük miqdarı tam gücün 30%-i qədərdir. COP üçün isə bu göstərici 25%-dir. Qeyd olunan minimum yük limitlərindən aşağı səviyyədə işləmə zamanı ortaya çıxa biləcək əlamətlər və problemlər bunlardır:
 
Eqzoz (xaricetmə) və hava sovurma sistemində yağ sızması
Yüksüz və ya aşağı yükdə uzunmüddətli işləmə nəticəsində:
  • Silindrlərin daxilindəki temperatur normaldan aşağı səviyyədə qalacağı üçün silindrə daxil olan yanacaq tam yanmır. Yanmamış yanacaq və yağ buxarı eqzoz sistemi daxilində kondensasiya olunur (sıxlaşır).
  • Turboşarj qurğusunun yağ kipkaclari (salnikləri) aşağı yükdə səmərəli işləyə bilmir və yağın hava ilə birlikdə sorma və eqzoz kollektorlarına getməsinə səbəb olur.
  • Bunun nəticəsində eqzoz və hava sorma kollektorlarında yağ sızıntıları müşahidə olunur. Eqzoz kollektorunun birləşmə yerlərindən xoşagəlməz şəkildə yağ damcılamasına səbəb olur.
  • Bu vəziyyət xüsusilə həftəlik test yoxlanışı yüksüz həyata keçirilən Standby (ESP) generatorlarında müşahidə edilir.
Silindr qapaqlarında və eqzoz kollektorunda karbon yığılması
  • Yanmamış yanacaq, yağ buxarı və qurum qalıqları silindr qapaqlarındakı eqzoz klapanlarını və yuvalarını, seqmentləri, eqzoz kollektorunu və injektor başlıqlarını (forsunkaları) çirkləndirərək mühərrikin performansının düşməsinə səbəb olur.
  • Bundan əlavə, eqzoz səsboğucusu və borularını tıxayaraq gücün azalmasına yol açır.
  • Növbəti mərhələlərdə bu, mühərrikdə ciddi zədələrə səbəb ola bilər.
Aşındırıcı zədələnmə (korroziya)
  • Eqzoz qazının aşağı temperaturu eqzoz sistemində kükürd turşusunun kondensasiyasına səbəb olur və mühərrikdə aşındırıcı zədələr yaradır.
Sürtkü yağının keyfiyyətinin pozulması
  • Yanma performansının düşməsi səbəbindən yanmamış yanacaq silindr daxilində yağa qarışaraq karterdəki yağın xüsusiyyətlərinin pisləşməsinə səbəb olur. Keyfiyyəti pozulmuş yağ fırlanan hissələrin və yataqların (podşipniklərin) vaxtından əvvəl aşınmasına gətirib çıxarır.
  • Aşınmadan ilk növbədə çox yüksək dövriyyə ilə işləyən turboşarj qurğusunun yataqları təsirlənir ki, bu da yağ sızmasına və sıradan çıxmaya səbəb ola bilər.
  • Belə rejimdə işləmə nəticəsində normal göstəricidən daha artıq yağ sərfi baş verir.
Eqzozdan ağ tüstünün çıxması
  • Yanmamış yanacaq eqzozdan ağ tüstü şəklində xaric olunur.
Diqqət yetirilməli olan məqamlar:
  • Generator dəstlərini yüksüz və ya aşağı yükdə işlətməkdən qaçınmaq lazımdır, yaxud bu müddət minimuma endirilməlidir.
  • Əgər həftəlik test işləyişi yüksüz həyata keçirilməlidirsə, bu sınaq 10 dəqiqə ilə məhdudlaşdırılmalıdır.
  • 30% və ya daha aşağı yükdə 1 saat işləmiş mühərrikin 60% və ya daha çox yüklə 30 dəqiqə və ya daha uzun müddət işlədilməsi tövsiyə olunur.
  • Hər il generator dəstinin 4 saat ərzində 75% yüklə işlədilərək eqzoz sistemindəki karbon qalıqlarının yandırılması tövsiyə edilir. Yük səviyyəsi sıfırdan başlanaraq dörd saat ərzində tədricən artırılmalıdır.
  • Müəyyən fasilələrlə yağ sızıntısının olub-olmadığı izlənilməli, eqzoz kollektoru və səsboğucu sökülərək karbon yığılmasına qarşı yoxlanılmalı və təmizlənməlidir.
  • Generator dəsti üçün kifayət qədər yük təmin edilə bilmirsə, mənfi təsirlərin qarşısını almaq üçün süni yükün (dummy load) qoşulması tövsiyə olunur.
  • Aşağı yükdə işləyən generator dəstlərinin texniki qulluq (servis) intervalları cədvəldə göstəriləndən daha tez-tez həyata keçirilməlidir. Yağ və yanacaq filtrlərinin hər altı aydan bir dəyişdirilməsi tövsiyə olunur. Yanacaq injektorları və turboşarj isə iki ildə bir dəfə yoxlanılmalıdır.
Paylaş: